Quranda Uca Rəbbimizin ayələrində işarə etdiyi sirlərdən biri də budur ki, bir işin nəticələnməsi üçün möminlər səbrlə gözləməlidirlər. Müqəddəs Kitabımız Qurana baxdıqda, Peyğəmbərlərin də, saleh Müsəlmanların da vəd edilən müvəffəqiyyətə çatmaq üçün müəyyən müddət gözləmələri nəsihət edilmişdir. Belə ki, Peyğəmbərlərin həyatlarına nəzər saldıqda da bu mühüm həqiqət aydın olur. Sevimli Peyğəmbərimizə (s.ə.v.) ilk vəhy qırx yaşında ikən gəlmişdir. Hz. Musa üçün Allah qırx günlük gözləmə müddəti təyin etmişdir. Ayədə Allah bunu belə xəbər verir:
Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə getmə!” (Əraf surəsi, 142)
Allah insanlar üçün qırx yaşı yetkinlik yaşı təyin etmişdir:
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!
Quranda Allah Müsəlmanlara qalibiyyətləri və hakimiyyətləri üçün gözləmə müddəti müəyyən etmişdir. Peyğəmbərlərin də, onların davamçısı olan möminlərin də öz icmalarına təbliğ etdikləri və onlara Quran ilə xatırlatdıqları, bundan sonra isə gözləmək nəsihət edildiyi məlum olur. Quranda Müsəlmanların səbr ilə gözləmələrinə işarə edən ayələr belədir:
Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!” (Ənam surəsi, 158)
Onlara belə dedi: “Artıq Rəbbinizdən sizə bir əzab və qəzəb gəlməsi vacib oldu. Sizin və atalarınızın verdiyi adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” (Əraf surəsi, 71)
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə surəsi, 24)
De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”! (Tövbə surəsi, 52)
Müşriklər: “Barı, Peyğəmbərə Rəbbi tərəfindən bir möcüzə nazil ediləydi!” – deyirlər. Onlara belə cavab ver: “Qeyb ancaq Allaha məxsusdur. Elə isə (Allahın əzabını gözləyin). Doğrusu, mən də sizinlə birlikdə gözləyləyənlərdənəm!” (Yunus surəsi, 20)
Onlar ancaq özlərindən əvvəl gəlib-gedənlərin günləri kimi bir gün gözləyirlər!” De: “Gözləyin, doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” (Yunus surəsi, 102)
(Süleyman) dedi: “Baxaq görək doğru deyirsən, yoxsa yalançısan! (Nəml surəsi, 27)
Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər! (Səcdə surəsi, 30)
Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişdirmədilər. (Əhzab surəsi, 23)
Biz onu ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul edələr! Sən gözlə. Şübhəsiz ki, onlar da gözləyirlər! (Duxan surəsi, 58-59)
Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və səbr et! (Qamər surəsi, 27)
Yuxarıdakı ayələrdən inkarçı icmaların da gözlədiyi görünür. Möminlər Allahın vədinin gəlməsi, Allahın iznilə qalibiyyətə çatmaq üçün, inkarçılar isə əzabın gəlməsi üçün gözləyirlər. Möminlər üçün bu gözləmə müddəti onların səbrinin, Allaha yaxınlığının, əcrinin və əminliyinin artmasına vəsilə ikən , bu müddət inkarçıların günahının artmasına səbəb olur. Uca Rəbbimiz ayəsində bunu bizlərə xəbər vermişdir:
Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər! (Ali-İmran surəsi, 178)
Allah inkarçı qövmlərinə qarşı Allahdan kömək istəyən Peyğəmbərlərə də gözləmələrini nəsihət edir. Allah vədini mütləq yerinə yetirəcək və inkarçıların hamısını zərərsizləşdirəcək, onların batil dinlərini yox edəcək. Lakin bunun üçün Uca Rəbbimiz müəyyən zaman təyin etmişdir və möminlərə də səbrlə gözləmələrini nəsihət etmişdir. Cənabı Allah Qatından göndərdiyi və qövmünə təbliğ edən elçinin yardım üçün dualarının əvəzində onların inkarçıların məğlub olacaqlarını vəd etmiş, bunun üçün gözləməli olduqlarını bildirmişdir:
Belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” (Allah) buyurdu: “Bir azdan peşman olacaqlar!” (Muminun surəsi, 39-40)
Mömin dünya həyatında Allaha qulluq vəzifəsini yerinə yetirmək, Quran əxlaqını təbliğ etmək və Allahı razı edəcək şəkildə gözəl davranmaq məsuliyyətini daşıyır. Bu imtahan mühiti möminin imanının möhkəmlənməsi, Allaha yaxınlaşması, dua ilə Allaha sığınması və Allah ondan razı şəkildə axirətə gedə bilməsi üçün xüsusi yaradılır. Əslində cəhd göstərdiyi hər şey Allah qatında onsuz da yaşanıb bitmişdir, Rəbbimiz bütün bunları ən gözəl şəkildə nəticələndirmişdir. Şübhəsiz ki, bu müddət ərzində göstərilən səy olacaq nəticəni dəyişdirməyəcək. Allah vəd etdiyini mütləq yaradacaq və insanlara göstərəcək. Ona görə insan bu gözəl nəticəyə çatana qədər göstərdiyi səyin, Allah üçün etdiyi təbliğin və səbrin yalnız öz axirəti üçün Allah qatında əhəmiyyəti olduğunu unutmamalıdır. Müsəlmanların ürəyi rahatlıq tapmış şəkildə Allaha təslim olmaq öhdəlikləri var. Əlbəttə, Uca Allah hər şeyi ən mükəmməl, ən qüsursuz və ən xeyirli şəkildə yaradandır.
0 yorum:
Yorum Gönder