Birlik, anlayış, fədakarlıq, vəfa və sədaqət tələb edir. Allah Quranda müsəlmanlara birlik olmalarını əmr etmiş, şeytanın isə aralarına ədavət salacağını, bu birliyə maneə olmaq üçün səy göstərəcəyini bildirmişdir. Müsəlmanlar din qardaşları ilə olan münasibətlərində onları incidəcək bir söz söyləmək, hirslənmək, hörmətsizlik etmək kimi birlik ruhunu zədələyəcək hər cür rəftardan çəkinməlidirlər. Hər mömin digər möminə qarşı mümkün olduğu qədər fədakar olmalı, səbirli davranmalı, onun yaxşılığı üçün çalışmalı, sadiq və vəfalı olmalıdır. Bu bütün möminlərə vacib olan üstün əxlaqdır.
Bu mövzuda ən gözəl nümunələrdən biri Hz. Məhəmməd (səv) ilə birlikdə Məkkədən hicrət edən möminlər və Mədinədə onlara gözəl bir yurd hazırlayan müsəlmanlar arasındakı münasibətlərdir. Məkkəli müşriklərin zülmü və təzyiqi nəticəsində Allah yolunda yurdlarından hicrət edən möminləri Mədinədə Hz. Məhəmmədə (səv) biət (itaət) etmiş müsəlmanlar ən gözəl şəkildə qarşılamış, onlara qarşı böyük sevgi və qayğı göstərmişlər. Bir-birlərinə yad iki qəbilə olduqlarına, cahiliyyə ərəbləri arasında tək əhəmiyyətli meyar sayılan "qəbilə bağı"na sahib olmamalarına baxmayaraq, imanları və itaətləri baxımından gözəl qardaşlıq nümunəsi göstərmişdilər. Mədinəli müsəlmanlar hicrət edənlərə hər cür imkanı təmin etmiş, onlara qapılarını açmış, yeməklərini onlarla bölüşmüş, öz ehtiyaclarından əvvəl onların ehtiyaclarını düşünmüş, mömin qardaşlarının nəfslərini öz nəfslərindən üstün görmüşdülər. Rəbbimiz mədinəli möminlərin bu gözəl əxlaqını Quranda belə bildirmişdir: (Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr Surəsi, 9) Bu iki mömin topluluğun bir-biri ilə münasibətlərinin necə qurulmalı olduğunu göstərən çox mühüm və digərlərinə örnək təşkil edəcək üstün əxlaq nümunəsidir. Hz. Məhəmməd (səv) müsəlmanlar arasında həmrəyliyin necə qurulmalı olduğunu bir hədisində belə təsvir etmişdir: Müsəlmanların öz aralarındakı mərhəmətləri, hörmət və həmrəylikləri eyni ilə bir bədən kimidir. Bədəndə bir üzv xəstələndiyində digər üzvlər onunla birlikdə eyni ağrını çəkir və yatmırlar. Müsəlmanların bir-birlərinə qarşı sevgiləri və qəlblərində bir-birlərinə qarşı heç bir mənfi hissin olmaması Allahın möminlərə böyük lütfü və nemətidir. Axirətdə ən mükəmməl şəkildə yaşanacaq bu nemət Quranda belə bildirilir: Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər. (Hicr Surəsi, 47) Buna görə müsəlmanlar həmrəyliyin, qardaşlığın və birlik hissinin böyük nemət olduğunun şüurunda olmalı və bu birliyin qorunması üçün səbirli və iradəli olmalıdırlar. Ənfal Surəsinin 1-ci ayəsi "...əgər möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!" müsəlmanlara birlikdə olmağın əhəmiyyətini bildirən bir başqa ayədir. Peyğəmbərimiz Hz. Məhəmməd (səv) isə müsəlmanların birliyinin əhəmiyyətini bir hədisində belə ifadə etmişdir: ....Bir-birinizə həsəd (paxıllıq) etməyin. Bir-birinizə düşmənlik etməyin. Bir-birinizlə yaxşı əlaqələri kəsməyin. Bir-birinizdən üz çevirib küsməyin və ey Allahın qulları bir-birinizlə qardaş olun. Mömin hər vəziyyətdə bağışlayan olmaqla məsuliyyət daşıyır, ancaq qarşısındakı əgər müsəlmandırsa onunla din qardaşı olduğunu, hər ikisinin də Allahdan qorxub çəkindiyini, Peyğəmbərimizə itaət etdiyini, halal və harama diqqət göstərdiyini düşünərək daha çox səbirli olmalıdır. Müsəlman, din qardaşının yaxşılığını istəməli, özünü düşündüyü kimi onu da düşünməli, hər hansı bir anlaşılmazlıq olduğunda da səbirlə, şəfqətlə və sevgiylə qarşılıq verməlidir. Bir Quran ayəsində müsəlmanların din qardaşları üçün belə dua etdikləri bildirilir: Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" (Həşr Surəsi, 10) Müsəlmanlar, qardaşlarıyla aralarında kiçik bir problem olduğu təqdirdə bu problemi dostca həll etməyə görə məsuliyyət daşımaqla yanaşı, iki müsəlman topluluq arasında da oxşar hadisə baş verdikdə, möminlərin arasındakı problemi həll etməyə görə də məsuliyyət daşıyırlar. Allah iman edənlərə belə buyurmuşdur:
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat Surəsi, 10)
Bu əxlaqın möminlərə çox güclü birlik ruhu qazandıracağı bəllidir. Rəbbimiz, iman edənlərə Öz yolunda "möhkəm bir divar kimi səf-səf düzülüb" (Səff Surəsi, 4) mübarizə etməyi əmr etmişdir. Bu mübarizə inkarçı fəlsəfə və ideologiyalara qarşı fikri mübarizədir və bütün müsəlmanların öhdəsinə düşən mühüm funksiyadır. Bu fikri mübarizəni boynuna götürüb dünyanı mövcud qaranlıqdan aydınlığa çıxarmaq əvəzinə öz daxili problemləri ilə boğuşan qapalı struktur meydana gətirmək təbii ki, böyük səhv və tarixi nöqsan ola bilər. Bu gün müsəlmanlar başda olmaqla dünyanın bir çox ölkəsində əzilən və zülm görən insanlıq, düşdüyü vəziyyətdən xilas olmaq üçün çıxış yolu axtarmaqda, dünyaya sülh, ədalət gətirəcək və unutduğu yaradılış məqsədini xatırladacaq yol göstərici gözləməkdədir. Belə bir liderliyə görə İslam cəmiyyəti məsuliyyət daşıyır və bütün müsəlmanlar bu şüurla hərəkət etməlidirlər.
Şiddətin, terrorun, zülmün, saxtakarlığın, fırıldaqçılığın, yalançılığın, əxlaqsızlığın, qarşıdurmaların, yoxsulluğun yayılması dünyanın "fitnə" ilə dolduğunu göstərir. Bu halda, müsəlmanlar arasında problemə çevrilmiş bir çox məsələ artıq öz əhəmiyyətini itirir. Bütün bu zülm və degenerasiya Allahın varlığını və birliyini inkar edən, axirət gününə inanmayanların qurduqları batil sistemlərdən güc alır və inkişaf edib yayılır. Bunun qarşısını almaq üçün vicdanlı insanların birləşib yaxşılıq etməkdə həmrəy olmaları vacibdir.
Allahın icazəsi ilə bu ittifaq inkarçı ideologiyaların fikri baxımdan məğlub olmasının ən mühüm mərhələlərindən biri olacaqdır. Rəbbimiz Quranda inkarçıların ittifaqına diqqət çəkmiş və iman edənlərin də bir-birləriylə dost olmalarının və bir-birlərinə kömək etməyin vacib olduğunu bildirmişdir. Bu, yer üzündə fəsadın aradan götürülməsi üçün vacibdir. Ayədə bu şəkildə buyurulur:
İnkar edənlər bir-birlərinin vəliləridir. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə və böyük bir təxribatçılıq (fəsad) olar. (Ənfal Surəsi, 73) Bu cür böyük məsuliyyət daşıyan müsəlmanların birlik və bərabərlik içində olmağı çox vacibdir. Müsəlmanlar birlikdə hərəkət etmələrinə maneə törədən hallar olduğunda bu suallar üzərində düşünməlidirlər: • "Bu mövzu İslam ittifaqını zədələyəcək qədər əhəmiyyətlidirmi?"
• "Bu, qarşılıqlı razılıq əsasında həlli mümkün olmayan problemdirmi?"
• "İnkarçı ideologiyalara qarşı fikri mübarizə əvəzinə, digər müsəlman topluluqla mübarizə aparmaq məqbuldurmu?" Bu suallara vicdanına müraciət edərək cavab verən hər kəs sonu olmayan çəkişmələrdən uzaqlaşmağın və müsəlmanlar arasında Quran əxlaqına söykənən bu ittifaqı müdafiə etməyin üstün olduğunu görəcəkdir.
Həmçinin müsəlmanlar şeytanın da daim bu birliyi pozmaq, müsəlmanları bir-birilərinə düşmən etmək üçün cəhd etdiyini unutmamalıdırlar.
Rəbbimiz "Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir." (İsra Surəsi, 53) ayəsiylə iman edənləri bu təhlükəyə qarşı xəbərdar etmişdir. Bu ayə müsəlmanların bir-birlərinə qarşı istifadə etdikləri üsluba diqqət yetirmələri, eləcə də incidici, iynələyici, sərt, qınayıcı ifadələrdən uzaq durmağın vacibliyini göstərir.
Quranda birlik olmağın əhəmiyyəti vurğulanmaqla yanaşı, diqqət çəkilən bir başqa xüsusiyyət də çəkişmələrin və birlik ruhunu zədələyəcək rəftarların müsəlmanların gücünü zəiflədəcəyi barədədir. Rəbbimiz belə buyurur:
Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! (Ənfal Surəsi, 46) Bu, fərdlər üçün olduğu qədər müsəlman cəmiyyət və millətlər üçün də vacibdir. Əgər İslam dünyası güclü, sabit, üstün mədəniyyət olmaq, dünyaya hər sahədə istiqamət vermək və işıq tutmaq istəyirsə birlik olmaq məcburiyyətindədir. Bu birliyin yoxluğu, eləcə də müsəlman ölkələr arasındakı ayrılıq və dağınıqlıq, İslam dünyasından ortaq bir səsin yüksəlməməsi, məzlum müsəlman xalqları da müdafiəsiz qoyur. Fələstində, Kəşmirdə, Şərqi Türkistanda, Moroda və daha bir çox yerdə qadınlar, uşaqlar və yaşlılar ehtiyac içində zülmdən xilas olmağı gözləyirlər. Bu günahsız insanların məsuliyyəti hər kəsdən əvvəl İslam dünyasının üzərindədir. Müsəlmanlar Peyğəmbərimizin (səv) "Müsəlman, müsəlmana zülm etməz və onu təhlükədə qoynaz" sözünü yaddan çıxarmamalıdırlar.
İslam dünyası ayrılıqları və fərqlilikləri bir kənara buraxıb bütün müsəlmanların "qardaş" olduğu gerçəyini xatırlamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaq ilə bütün dünyaya nümunə olmalıdır. İman edənlərin bir-birləri ilə qardaşlığı Allahın lütfü və nemətidir. Səmimi müsəlmanlar bu nemət üçün Rəbbimizə şükr etməli və Allahın "dağılıb-ayrılmayın" əmrini unutmamalıdırlar: Hamınız Allahın ipindən möhkəm yapışın və dağılıb-ayrılmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. (Ali- İmran Surəsi, 103) |
0 yorum:
Yorum Gönder